02–05 aprel 2026-cı il tarixlərində Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyənin Trabzon şəhərində işgüzar səfərdədir. Səfər “Özel İmperial Hastanesi”nin dəvəti ilə təşkil olunub və iki ölkə arasında tibbi turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib.
Nümayəndə heyəti Trabzon Hava Limanı-nda “Özel İmperial Hastanesi”nin Sağlamlıq Turizmi Departamentinin müdiri Furkan Dalyan və Korporativ Marketinq Departamentinin müdiri Erkan Deniz tərəfindən qarşılanıb.
Azərbaycandan gələn nümayəndə heyətinə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev rəhbərlik edir. Heyətin tərkibinə həmçinin Özəl Tibb Müəssisələri Assosiasiyasının Baş katibi Vüqar Eyvazov, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Referans Medical Group-un strateji marketinq və tibbi turizm üzrə meneceri Anar Yusifov, Skal Baku Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov daxildir.
Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və tibbi xidmətlərin beynəlxalq səviyyədə təşviqinə töhfə verməkdir.
Proqram çərçivəsində nümayəndə heyətinin bir sıra rəsmi görüşlər keçirməsi, aparıcı səhiyyə müəssisələrini ziyarət etməsi, eləcə də müxtəlif təqdimat və tanışlıq proqramlarında iştirak etməsi planlaşdırılır. Görüşlər zamanı birgə layihələrin həyata keçirilməsi, pasiyent axınının təşkili və sağlamlıq turizmi sahəsində yeni əməkdaşlıq modellərinin formalaşdırılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan son illərdə sağlamlıq və termal turizm sahəsində potensialını genişləndirərək beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verir. Türkiyə ilə bu istiqamətdə qurulan əməkdaşlıq isə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və sektorun davamlı inkişafına yeni imkanlar yaradır.